Gübrə lyrics

by

Qaraqan


[Bənd 1]
Qaranlıq küçələr, boş prospektlər
Yaddaş dəhlizlərində tanış portretlər
Yağış isladır, küçələrdə yox heçkəs
Mənim beynimdə xatirələr, fraqmentlər

Gözlərim parlıyır sevincdən, hara istəsən yoz
Sən axı bilirsən ki, daşdır ruhum, ürəyim buz
Və nə qədər ki, yığır susduğumuz mövzular toz
Mən artıq deyə bilmirəm bir çox dostuma dost

Bu gündən sabaha bir neçə addım, bir neçə söz
Bu gündən sabaha səni unutmaqçün bir neçə qız
Bu gündən sabaha bir neçə yarımçıq şeirlər
Sənsiz həyatım ağ-qara filmdir, "Xoş seyirlər"

Və islandıqca qısa, qorxaq addımlar
Sən qalacaqsan əbədi mənim yanımda
Bilirəm, bunlar hamısı boş xəyallar, nağıllar
Ürəyini qıracam və çıxmayacam ağlından

[Nəqərət]
Sən necə də gözəlsən
Buz keçmişin süzülür, isti saniyələr
Bu gecə sən mənimsən
Bərk yapış, səni vermirəm heçkəsə
Mən ilıq əllərində
Yağ bütün gecə, yağış, döy pəncərəni
Mən bu gecə səni sevirəm
Sağ çıxacaqmı sevgimiz səhərə?!

[Bənd 2]
Bu çirkli zəmanədə tapmaq sevgi və saflıq
De mənə, ən yaxın on dostundan neçəsi insaflı?!
De mənə, döydüyün neçə qapıda tapmısan ev?!
Əbədi itirdiyin yaxınlardan neçəsi sağ?!

Və bəzən ailə bilib qucaqladığın o kəslər
Və bəzən yaradır gözəl musiqi çirkin səslər...
Və bəzən ayrılırsan, axtarırsan, yorulursan
Sən heç vaxt öz xoşunla getmirsən, qovulursan

Mən bu gün qucaqlayacam qanadlarımı
Sənə danışacam həyat adlı bir nağıl
Mənə borc ver bu gecə qorxularını
Sabah söz verirəm qaytaracam hamısını

Soyun yalanları, qoy qalsın çılpaq həqiqət
Mən çox axtardım, indi tapdım, burdadır Cənnət
Və qadağan olunmuş meyvələrlə dolu süfrə
Hər öldürdüyüm sevgi növbəti sevgiyə gübrə...
[Nəqərət]
Sən necə də gözəlsən
Buz keçmişin süzülür, isti saniyələr
Bu gecə sən mənimsən
Bərk yapış, səni vermirəm heçkəsə

Mən ilıq əllərində
Yağ bütün gecə, yağış, döy pəncərəni
Mən bu gecə səni sevirəm
Sağ çıxacaqmı sevgimiz səhərə?!
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net