Prelüd lyrics

by

Qaraqan


[Skit: Qaraqan]
Əvvəlcə Allahdan həyat istədim
O mənə qaranlığı verdi
Sonra Allahdan işıq istədim
Həmin gün mən doğuldum

Amma bu işıq çox parlaq oldu
Və mən qorxdum, ağlamağa başladım
Allaha yalvardım ki, məni qorusun
Elə həmin dəqiqə anam məni qucaqladı

Və mən sakitləşdim, sonra Allaha şükür elədim
Onda Allah mənim gözlərimi açdı
Başladım gülməyə, sonra böyüməyə
Hər kəs kimi...

Və bir gün, bir gün
Allahdan xoşbəxtlik istədim
Amma səs gəlmədi
Yenə dua etdim, yenə də xoşbəxtlik gəlmədi
Onda anladım ki, xoşbəxtliyimi özüm tapmalıyam

Və başladım axtarmağa
Gücdə, şöhrətdə, qızılda, kitabda, elmdə
Hər yeri gəzdim, dolaşdım
Hər kəsdən soruşdum
Amma hər dəfə insanlar mənə səhv yolu göstərdilər
Və hər dəfə xoşbəxtlik sandığım qapıları
Var gücümlə döyəndə
Qapıları açan olmadı

Açılanlarda da xoşbəxtlik olmadı
Tapa bilmədim və yorulub başladım qayıtmağa
Yolda qoca, müdrik bir dərvişlə qarşılaşdım
Və dedim: Xoşbəxtlik yoxdur

O isə dedi: Sən onu qıraqda axtarırdın
Amma xoşbəxtlik sənin içindədir
Mən inanmadım, onda dərviş əlimi götürdü
Və sinəmə qoydu

Dedi: Qulaq as, döyüntünü eşidirsən?
Bu sənin xoşbəxtliyindir qapını döyür
Elə isə aç qapını...

[Bənd: Qaraqan]
İllər keçər, ağrılar bir gün mənə yuxu kimi gələr
Unudular hər acı, hər kin
Düşmənlər olar uşaqlıq dostu
Ya da uzaq tanış, dalaş-barış

Hər nağılın sonu
Başqa bir nağılın başlanğıcı
Dəyişmir heç nə, dəyişən bircə
Divar təqvimimdəki yarpaqlar
Mən sularda tənha dənizçi
Sən toruma düşmüş qızıl balıq
Həyat sınıq-salxaq bir körpü
Çiynimdə çuxam, ayaqlarda çarıq

Gedirəm, neçə qəlbin yurdundan qovuldum düşmən kimi
Neçə qəlbə dəvət aldım, getmədim
Yaşadım gördüm mən insan kimi

Kitab arası qurudulmuş kəpənəklər kimi
Neçə ölü gözəllik məni aldatdı
Elə gün oldu ölünü də güldürdü
Elə gün oldu təlxəyi ağlatdı

“Əhsən” deyib, güzgüdə əksimə güc verdim
Mənə ruh verdi ki, yenidən qalxım
Yenidən qalxdım, ayaqlarımın üstündə özüm durmuşam

Bu gün də mən bitmiş bir payız kimi
Birinci qarın həsrətində
Küləklərimi şimaldan saldım
Buz şəhzadəm qismətimdə

Kaş bir günü qeybətsiz başa vuraq
Kaş bir gecə kabussuz yata bilək
Kaş vurulaq, sevilək, sevgisi bitəndə
Biz də sevgini keçmişə ata bilək
Əl verin, mənə dar günə xilaskar ip verin
Məni içimdən alacaq yol verin
Mənə yoldaşı çox olan dost verin
Məni qardaş çağıracaq gün verin

Mənə dünəndən fərqli güc verin
Gücsüzləri qoruyum, söz verin mənə
Qəlbinizdəki qorxu bataqlığı bir gün quruyacaq

Dən verin, ağ göyərçinlərə
Pəncərələrinizə dadansınlar
İmkan verin, içinizdəki tələlər
Qəfəslər parçalansınlar

Azadlıq qarışsın qoy hər nəfəsə
Hər ürək alovlansın
Bu gün elə bir şey edin ki
Bir ildə, on ildə keçsə də, yadda qalsın...
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net